İsrail Müdafiə Qüvvələri artıq 17 gündür davam edən hərbi əməliyyata son verə biləcəyini açıqlayıb,
lakin onun şərti var - HƏMAS yaraqlıları silahı yerə qoymalıdır. Əks halda, Qəzza zolağında quru əməliyyatı həyata keçiriləcək.
Qeyd edilib ki, Fələstinli HƏMAS radikalları istənilən hərbi imkanlardan məhrum edilməlidir. Bu, İsrail Müdafiə Qüvvələrinin məqsədidir.
Həmçinin vurğulanıb ki, HƏMAS bu təklifi qətiyyən qəbul etməyəcək.
“Əgər HƏMAS yaraqlıları gizləndikləri yerlərdən çıxsalar, girovlarımızı - 212 nəfərin hamısını geri qaytarsalar və qeyd-şərtsiz təslim olsalar, müharibə bitəcək, amma bunu etməyəcəklər”, - deyə İsrail Müdafiə Qüvvələrinin (SAHAL) ehtiyatda olan sözçüsü Conatan Konrikus bildirib.
Conatan Konrikus diqqətə çatdırıb ki, anti-İsrail aksiyaları baş verən ölkələr ya yəhudi dövlətində baş verənləri anlamırlar, ya da İsrailə nifrət edirlər.
Ötən gün isə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib ki, İsrail hərbi rəhbərliyi gələn ilin yanvarın son günlərindən gec olmayaraq HƏMAS-a qarşı hərbi əməliyyatları sona çatdıracağını planlaşdırır. Əməliyyat bir aydan üç aya qədər davam edəcək.
Qeyd edək ki, İsrail ordusu təkcə ötən gün ərzində Qəzzada HAMAS və “İslami Cihad” təşkilatlarına aid 320 hərbi hədəfi vurub və vurmaqda da davam edir.
Xatırladaq ki, HƏMAS qruplaşmasının oktyabrın 7-də İsraili raket atəşinə tutub. İsrail ordusu isə terrorçulara qarşı hərbi əməliyatlara başladığını bəyan edib. 17 gün ərzində hər iki tərəf minlərlə insan itkisi verib.
Onu da əlavə edək ki, artıq dünyanın 6 ölkəsi - ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər. Adı çəkilən ölkələr həmin bəyanatda İsraili dəstəkləməklə yanaşı, onun özünü terrordan qorumaq haqqının olduğunu da vurğulayıblar.
JASMİN