Xəzər dənizinin su səviyyəsinin azalma səbəbi alimləri və mütəxəssisləri ciddi düşündürür...
Lakin bu problem uzun illərdir araşdırılsa daş dəqiq cavabı tapılmır. "Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib", - deyən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında onu da bildirib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur. M.Babayev söyləyib ki, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur: "Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".
Bəli, nəticə belədir ki, Xəzər insanlardan küsüb. Bəs səbəb nədir? Təbii ki, dənizi qidalandıran əsas mənbə Volqa və Kür, Araz çaylarıdır. Bu çaylarda isə iqlim quraqlığı səbəbindən su qıtlığı hər il özünü göstərir. Bir tərəfdən alimlər deyir ki, ekoloji problemlərə görı yer kürəsində istiləşmə və buzlaqların əriməsi baş verir. Digər tərəfdən isə, çaylar qutuyur, dənizlərdə su səviyyəsi azalır. Bəs buzlaqların suyu hara qeyb olur?
Bütün hallarda, Azərbaycan və Xəzəryanı ölkələr-Rusiya, İran, Türkmənistan alimləri bu problemin həlli yolunu tapmalıdır. Xəzər quruyursa, bu artıq ciddi təhlükədir...
A.Məmmədli