Fələstin radikal HƏMAS hərəkatının silahlıları qaçqın adı altında Qəzza zolağının şimal rayonlarından tutduqları girovları humanitar dəhlizlərdən keçirməyə cəhd edə bilər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan sözçüsü Conatan Konrikus brifinq zamanı bildirib.
"Əməliyyatın keçirilmə üsulu ilə əlaqəli olduğu üçün təfərrüatına girə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, bu problemdən xəbərdarıq", - o deyib.
Konrikus humanitar dəhlizə nəzarət edən İsrail hərbçilərinin Qəzza zolağının şimal bölgələrini tərk edən qaçqınlar arasında girovları müəyyən etməyə çalışdığına dair mediada məlumatların olduğuna diqqət çəkib.
“Onlar ivrit dilində hərəkətdə olan mülki vətəndaşlara qışqırdılar ki, aralarında girovlar olarsa, onların yanına qaça bilərlər və təhlükəsiz olacaqlar”, - deyə davam edib.
"Nə etdiyimiz və ya etmədiyimiz barədə heç bir təfərrüat verə bilmərəm. Heç bir maneə yoxdur, lakin bunun baş verməsinə nəzarət etmək və qarşısını almaq üçün bir çox başqa səylər davam edir", - Konrikus əlavə edib.
E.ŞİRİNOV