Dünən Tbilisidə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusunu alması ilə bağlı izdihamlı mitinq və konsert proqramı təşkil olunub...
Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə Tbilisinin Azadlıq meydanında keçirilən aksiyada minlərlə insan iştirak edib. Tədbirdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib. Mərasimdə Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili, dövlət və hökumət üzvləri, parlamentin deputatları, siyasi partiyaların rəhbərləri və üzvləri ictimaiyyət nümayəndələri, Tbilisidəki diplomatik korpusun nümayəndələri iştirak ediblər. Baş nazir İrakli Qaribaşvili çıxış edərək Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin diplomatik qələbəsi adlandırıb və bu münasibətlə əhalini təbrik edib. Qaribaşvili bildirib ki, indi Gürcüstan daha böyük qələbəyə, ölkənin birləşməsinə hazırlaşmalıdır. Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski çıxış edərək gürcü xalqını təbrik edib. Ölkənin namizəd statusu almasını tarixi hadisə adlandırıb. O bildirib ki, Gürcüstan əhalisinin səsi Avropa İttifaqında çox aydın şəkildə eşidilir. Tədbir rəsmilərin siyasi çıxışlarından sonra konsert proqramı ilə davam edib.
İki gün əvvəl Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Rusiya KİV- ləri bu qərarı rəsmi Kremlin əsəbləri ilə oynamaq kimi yozan yazılar verirlər. Rəsmi Kremlin isə bu barədə hələki mövqeyi bəyan edilməyib.