İsveçin NATO-ya qəbulu mərasimi Macarıstanın yeni seçilmiş prezidentinin vəzifəyə başlaması zərurəti ilə əlaqədar təxirə salınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” tədbirə hazırlıqla tanış olan mənbələrə istinadən yazır.
Nəşrin mənbələrinin məlumatına görə, mərasim əvvəlcə martın 1-nə planlaşdırılıb.
Məqalədə deyilir: “Macarıstanın seçilmiş prezidenti hələ vəzifəsinin icrasına başlamadığı üçün İsveçin NATO-ya qəbulu çox güman ki, gələn həftəyə qədər təxirə salına bilər”.
Mərasimin hazırlanması ilə tanış olan mənbələr bu planların da dəyişə biləcəyini və tarixin yenidən dəyişdiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından sonra İsveç və Finlandiya neytrallıqdan əl çəkərək NATO-ya üzv olmaq qərarına gəliblər. Finlandiya 2023-cü ilin aprelində rəsmi olaraq alyansa qoşuldu və İsveçin müraciəti uzun müddət Türkiyə və Macarıstan tərəfindən təsdiqlənmədi.
Fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib. Bu ratifikasiya sonuncu idi və indi İsveç Şimali Atlantika Alyansının 32-ci ölkəsi olmaq üçün rəsmi hüquqa malikdir.
E.ŞİRİNOV