Fransa öz kəşfiyyat xidmətinin nümayəndələri vasitəsilə Azərbaycanda casus şəbəkəsi yaradır.
Tezadlar.az xəbər verir ki, RT telekanalının məlumatına görə, bunu Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev deyib.
O qeyd edib ki, Paris regionda sülhü qorumaq əvəzinə, İrəvanı silah və sursatla təmin edir. Bundan əlavə, Fransa kəşfiyyat xidmətlərinin nümayəndələri vasitəsilə müxtəlif şəxsləri gizli əməkdaşlığa cəlb edir və casus şəbəkəsi yaradır. Azərbaycanın milli təhlükəsizlik maraqlarına xələl gətirir. Nağıyev vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidməti artıq bu fəaliyyəti ifşa edib və “lazımi və adekvat addımlar atıb”.
DTX rəhbəri əlavə edib ki, Fransa hakimiyyəti “Cənubi Qafqazı döyüş meydanına çevirmək” planını həyata keçirərək Ermənistanı “mövbəti müharibəyə” təhrik etməkdə davam edir.
“Biz həmişə regionumuzda baş verən neqativ proseslərlə bağlı yeni çağırışlara və hər cür ssenarilərə hazır olmalı, etibarlı təhlükəsizlik məsələlərində sayıqlığı itirməməliyik”, - deyə o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan edib. Fransa Xarici İşlər Nazirliyi diplomatik normaların pozulması ilə bağlı cavab olaraq iki azərbaycanlı diplomatı ölkədən çıxarıb.