Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə sui-qəsd cəhdi ilə bağlı istintaq materiallarının məxfiliyini ləğv etməyə hazır olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “Fox News” sitat gətirib.
Telekanalın aparıcısı Ağ Evin keçmiş rəhbərinə xatırladıb ki, o, yenidən seçiləcəyi təqdirdə sui-qəsd cəhdi ilə bağlı istintaq materiallarının məxfiliyini çıxarmaq imkanı əldə edəcək. O, Trampdan belə bir addım atıb-atmayacağını soruşub.
“Əlbəttə. Burada heç nə gizlətməyə ehtiyac yoxdur”, - deyə prezidentliyə namizəd cavab verib.
Trampın sözlərinə görə, sui-qəsdin bir çox təfərrüatları artıq müstəntiqlərə məlumdur. O, bu detalların bəzilərini “yaxşı deyil” adlandırıb. ABŞ-ın keçmiş prezidenti onu güllələyən şəxsin necə damda qalması və niyə aidiyyəti xidmətlərə məlumat verilməməsi ilə bağlı suallar verib.
Tramp həmçinin bildirib ki, sui-qəsddən sonra onu xərəyə mindirmək istəyiblər, lakin o, bundan imtina edib.
Xatırladaq ki, Trampa sui-qəsd iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
E.ŞİRİNOV