Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması ilə bağlı araşdırmaya başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Departamentin məlumatına görə, cinayəti respublikanın hazırda Ukraynada olan keçmiş dövlət məmurları planlaşdırıb.
“Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurlarının və Ukraynada yaşayan hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının maliyyələşdirdiyi cinayət əməlləri, o cümlədən “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır”, - bəyanatda deyilir.
Bildiyiniz kimi, İvanişvili Ukraynada hərbi əməliyyatların bir il ərzində dayana biləcəyini iddia edirdi. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qalib gəlsə, münaqişə 2025-ci ilin yanvarında başa çatacaq.
Eyni fikri Gürcüstanın baş naziri İrakli Kobaxidze də deyib. Siyasətçinin fikrincə, Trampın qələbəsi digər ölkələrlə, o cümlədən Gürcüstanla münasibətlərə də təsir edəcək.
E.ŞİRİNOV