Fransa Xarici İşlər Nazirliyi 12 gənc futbolçunun ölümü ilə nəticələnən Qolandakı Druzların Məcdəl Şəms kəndinə hücumu şiddətlə qınayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” idarənin mətbuat xidmətinə istinadən yazır.
Qeyd edəkki, şənbə günü, iyulun 27-də kənddəki futbol meydançasına raket düşüb. İsrail hadisəyə görə Livanın şiə hərəkatı “Hizbullah”ı günahlandırıb və hücuma sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Hərəkat liderləri də öz növbəsində raket zərbəsi ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. Onların sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemlərindən birinin atdığı raket meydançaya düşüb.
Diplomatlar qeyd ediblər ki, Fransa yeni hərbi eskalasiyanın qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırır.
Xarici İşlər Nazirliyi bölgədə vəziyyətin pisləşdiyi bir vaxtda Fransa vətəndaşlarının Livan, İsrail və Fələstin ərazilərinə səfər etməməli olduğunu vurğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun İsraillə məsləhətləşmələr apardığını bildirmişdi. Onun sözlərinə görə, bütün əlamətlər raketin hərəkatın silahlıları tərəfindən atıldığını göstərir.
Eyni zamanda, rəsmi vurğulayıb ki, ABŞ regionda gərginliyin səviyyəsini azaltmaq, münaqişənin genişlənməsinin və onun coğrafi genişlənməsinin qarşısını almaq üçün hər şeyi edəcək.
E.ŞİRİNOV