Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinin fəaliyyəti ilə tanış olub.
Dövlət Komitəsinin sədri məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüşdə bildirib ki, Azərbaycanda dini sahədə stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblər arasında münasibətlər baxımından nümunəvidir. Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir. Ölkəmizdəki sağlam dini mühitin qorunub-saxlanılması baxımından maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən R.Məmmədov bu istiqamətdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək müvafiq tövsiyələrini verib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, eyni zamanda Komitə sədri ibadət evlərinin fəaliyyəti ilə yerində tanış olmaq üçün məscid, kilsə və sinaqoqları ziyarət etdiyini, bu prosesin ölkənin bütün bölgələrini əhatə edəcəyini deyib. Bildirib ki, ibadət evlərini ziyarət etməkdə məqsəd həm mövcud vəziyyəti əyani şəkildə görmək, həm də din xadimləri, dini icma üzvləri ilə birbaşa müzakirələr aparmaqdır.
Görüşdə din xadimlərinin müxtəlif məsələlərlə bağlı fikir və təklifləri dinlənilib.
R.XUDATQIZI