Bu günümüzün və gələcəyimizin ən vacib mövzuları ətrafında müzakirə aparmaq, öz fikir və təşəbbüslərimizi bölüşmək, daha yaxşı, təhlükəsiz cəmiyyət qurmaq üçün səyləri birləşdirmək qürurvericidir və həm də gözəl bir imkandır. Hazırda Qarabağın işğaldan azad olunmuş torpaqlarının dirçəldilməsi, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması vüsət alıb.

Tezadlar.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, otuzillik həsrət və məhrumiyyətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdır. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır və böyük yüksəliş müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə gedən məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır. Yeni həyat yeni fürsətlər açdığı kimi, daha yeni, daha çevik və daha dinamik yeni əməkdaşlıq platformalarının yaranmasını tələb edir.

“Azərbaycanın bütün sosial, iqtisadi və mədəni nailiyyətlərini, bütün zənginliklərini, təbii zənginliklərini, sərvətlərini qorumaq, gələcək nəsillərə çatdırmaq sizinlə bizim borcumuzdur. Ərazilərimiz üzərində suveren hüquqların təmin olunmasından sonra qeyd etməliyəm ki, bu vəzifələri yerinə yetirmək üçün bizim qarşımızda daha geniş imkanlar açılıb. Azad edilmiş torpaqlarımız daxil olmaqla hazırda bütün ölkədə yaşıl enerji zonalarının salınması, ətraf mühitin bərpası və iqlim dəyişikliklərinə davamlı mexanizmlərin yaradılması prioritetlər sırasındadır. Çünki hazırkı dövrdə dünya üzrə iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi böyük problemlərdir. Lakin inanırıq ki, ekoloji maarifləndirmə, uşaqların təhsili və onların ölkə həyatında, eləcə də beynəlxalq arenada bütün proseslərdə fəal iştirakının təmin edilməsi sayəsində daha faydalı və dayanıqlı bir mühit formalaşdıraraq bunu gələcəyə daşıya bilərik. Bu səbəbdən də bugünkü forumun mövzusu uşaqlar və ekologiya kimi müəyyənləşmişdir”, - deyə B.Muradova qeyd edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN