Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikaya münasibətindən məyusdur.
Tezadlar.az xəbər verir ki, onun sözləri Ermənistan diplomatik departamentinin saytında dərc olunub.
"Biz heç vaxt real dəstək almadıq. Bu laqeyd münasibət böyük məyusluğa səbəb oldu", – deyə danışıb.
Mirzoyan KTMT-ni ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında dəstəyin olmamasında ittiham edib. O, bəyan edib ki, son illər ölkə sərhədləri bir neçə dəfə pozulub və müttəfiqlər Ermənistana kömək etməli idilər.
O əlavə edib ki, Ermənistan hazırda avropalı tərəfdaşlarla münasibətləri dərinləşdirmək prosesindədir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulmasını təşkilatın guya ölkənin suverenliyinə təhdidlər yaratdığı ilə izah edib. Bu arada Kreml baş nazirin KTMT-yə verdiyi qiymətlə qətiyyən razılaşmır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Ermənistanın suverenliyinə heç bir təhlükə KTMT-dən gələ bilməz və gəlmir. Əksinə, təşkilat üzv ölkələrin suverenliyini qoruyur. O əlavə edib ki, bu mövqe səbrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılacaq.
E.ŞİRİNOV