Anti-Rusiya sanksiyaları mümkün qədər tez və maksimum dərəcədə ləğv edilməlidir. Dünya böyük dəyişikliklərlə üz-üzədir və Qərb siyasətçiləri bunu dərk etməlidirlər.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Bu gün səhər Viktor Orban mətbuat konfransı keçirərək Ukrayna böhranı mövzusuna toxunub. Siyasətçi qeyd edib ki, əgər Ukrayna münaqişəsi başa çatarsa, o zaman “Avropaya əzab verən anti-Rusiya sanksiyaları da bitəcək”.
“Macarıstanın nöqteyi-nəzəri belədir: sanksiyalar mümkün qədər tez və maksimum dərəcədə ləğv edilməlidir”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, əgər bu uğur qazanarsa, o zaman inflyasiya aradan qalxacaq və iqtisadiyyat yenidən “sağlanmağa” başlayacaq.
Budapeşt Avropa müzakirələrində bu mövqeyi müdafiə edir, lakin indiyə qədər yalnız bir və ya iki ölkədə anlaşma tapıb. Qalan ölkələr, o cümlədən “böyük ölkələr” “hələ bu ideyanı müzakirə etmirlər”.
Orban əlavə edib ki, Amerikanın yeni prezidenti Donald Trampın vədlərinin yalnız bir hissəsi gerçəkləşsə belə, dünya böyük dəyişikliklərlə üzləşəcək. Avropa siyasətçiləri dərk etməlidirlər ki, biz artıq yeni reallıqdayıq. Qərb dünyasının miqrasiyaya, ailələrə və əsas dəyərlərə, iqtisadiyyata münasibəti tamamilə fərqli olacaq.
“Biz müharibə dövründən sülh dövrünə keçəcəyik. Macarıstan buna sevinir”, - Viktor Orban bildirib.
E.ŞİRİNOV