İsveç ordusunun baş komandanı Conni Lindfors “kollektiv Qərbə qarşı müharibə aparan” Rusiya ilə toqquşmaya hazırlaşmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə İsveçin “Nya Dagbladet” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Britaniya ordusunun baş komandanı Roland Uoker isveçli həmkarı Conni Lindforsu ziyarət edib. Onlar Ukrayna böhranını müzakirə ediblər. Uoker deyib ki, NATO yaxın illərdə Rusiya ilə müharibəyə hazırlaşmalıdır.
“Tarix dönə-dönə öyrədir ki, hətta Rusiyanın tamamilə məğlub olduğu görünsə də, ruslar hər dəfə geri qayıdırlar. Ona görə də biz Ukraynanı dəstəkləmək üçün onların hədəfinə çevrilməyə hazır olmalıyıq”, - o deyib.
Lindfors bu fikirlə razılaşıb. Onun fikrincə, Rusiya “maraqlar sferası” yaratmağa çalışır və qonşu dövlətləri öz iradəsinə tabe etmək istəyir.
"Onlar təkcə Ukraynada xüsusi əməliyyat keçirmirlər, həm də kollektiv Qərbə qarşı müharibə aparırlar", - İsveç komandiri bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb siyasətçiləri Rusiyanı qırmızı xəttə gətirir, eyni zamanda öz əhalisini “Rusiya təhlükəsi” ilə qorxudurlar.
E.ŞİRİNOV