Dekabrın 23-də Bakıda Din Xadimlərinin Forumu keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatşılığı ilə reallaşan tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr olunub.
Tezadlar.az xəbər verir ki, Dövlət Himnimiz səsləndirildikdən, Şəhidlərin ruhu yad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək tədbirin işinə xeyir-dualar verib, toplantının əhəmiyyətindən danışıb: “Hamınızı səmimiyyətlə salamlayır, Uca Allahdan tədbirimizin işinə xeyir-dualar diləyirəm. “Dini maarifləndirmənin aktual məsələləri — ənənə, təcrübə və perspektivlər» mövzusunda Din xadimlərinin Forumunda bir araya gəlməyimiz xoş məram və zəruri əhəmiyyət kəsb edir. Necə ki Allah-Təala müqəddəs Qurani-Kərimdə bizlərə buyurur: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et” (Nəhl, 125).
Şeyxülislam həzrətləri Qarabağda qazanılan tarixi Zəfərimizdən sonra din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edib, ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyəsidən danışıb, Azərbaycandakı multikultural mühiti dünya üçün örnək adlandırıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfər qazanmış Azərbaycan xalqının dini maarifləndirilməsi sahəsində din xadimlərinin üzərinə böyük vəzifələr düşür. Qalib Azərbaycanın azad Qarabağda apardığı genişmiqyaslı quruculuq işləri, bərpa olunan dini-mənəvi irsimiz, dövlətimizin artan beynəlxalq nüfuzu- bütün bunlar dini-mənəvi maarifləndirmədə əks olunmalıdır və din xadimlərimiz bu şərəfli gerçəkləri insanlara ən yüksək şəkildə çatdırmağa məsuldurlar. Uca Allahdan müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirik.
Dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda, şükürlər olsun ki, ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. Şadam ki, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri hörmətli Ramin Məmmədovun rəhbərlik etdiyi Dövlət Komitəsi ilə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi arasında səmərəli, işgüzar əməkdaşlıq daha da artmış, münasibətlərdə yeni abı-hava yaranmışdır. Birgə layihə və tədbirlərimiz dövlət-din münasibətlərinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.
Vətənimiz Azərbaycanın ildən-ilə artan uğurları, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi hər bir vətəndaş kimi biz din xadimlərini də ürəkdən sevindirir. Dövlət başçımızın qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir. Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir. Uca Allahın buyurduqlarını, Vətən məhəbbətini ali dəyərlər işığında insanlara çatdırmaq, dövlətimizin qazandığı Böyük Zəfərin dərin anlamını, görülən genişmiqyaslı işlərin mahiyyətini açıqlamaq mühüm vəzifəmizdir. Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir. Dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur. İmam Hüseyn əleyhissalamın və Əhli-Beynitin, Vətən və şərəf uğrunda canından keçən bütün şəhidlərimizin ehtiramla yad edildiyi ənənəvi Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub, milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir. Din xadimlərimiz üçün illər öncə hazırladığımız Xütbələr və Moizələr kitabı maarifləndirmə işində xüsusi əhəmiyyət kəsb edir. Şükürlər olsun, milli-mənəvi birliyimizə xidmət edən vahid namaz təqvimi, azanların eyni vaxtda verilməsi, müqəddəs dini bayramların vəhdət şəklində keçirilməsi məsələləri həllini tapmışdır”.
Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nüfuzlu beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işindəki fəaliyyətinə də diqqət çəkib: “Dini mərkəz olaraq qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesinin öndə gedən platformalarında fəal iştirak edirik. Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq əlaqələrini hər zaman Azərbaycan dövlətinin maraq və mənafelərinə, dövlətin strateji xəttinə uyğun qurur. Şükürlər olsun ki, bu il ərzində Prezident cənablarının tövsiyə və xeyir-duası ilə keçirilmiş iki mühüm beynəlxalq tədbir - VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı, Şuşa zirvə görüşləri, habelə Dini Komitə ilə həmtəşkilatçılıqda COP 29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyəsini bariz şəkildə nümayiş etdirdi. Özəlliklə dini liderlərin azad Qarabağa səfərləri olduqca önəmli idi. Bugünədək bu tədbirlərin yüksək səviyyədə təşkilinə və qəbul edilmiş sənədlərin zəruriliyinə dair təşəkkür və təqdir məktubları almaqdayıq. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla birgə səmərəli əlaqələrimizin bəhrəsi olaraq bu il Beynəlxalq Tolerantlıq günündə İçərişəhərdə dünyada analoqu olmayan Tolerantlıq Evi dövlətimizin multikultural siyasətini əyani nümayiş etdirən məkan kimi fəaliyyətə başlamışdır. İlk dəfə COP 29 qonaqlarının ziyarət etdiyi Tolerantlıq Evi hazırda çoxsaylı xarici nümayəndə heyətlərinin böyük maraq göstərdiyi məkana çevrilmişdir. Dini maarifləndirmə işində, həmçinin, Azərbaycan İlahiyyat İnstitutunun, bu istiqamətdə xeyli işlər görən institutun rektoru Aqil Şirinovun fəaliyyəti təqdirəlayiqdir. Zənnimcə, birgə həyata keçirməli olduğumuz layihələr barədə düşünülməlidir”.
Şeyxülislam həzrətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıdan gələn doğum günü münasibəti ilə dindarlar adından təbrik edib, xeyir-dularını yetirib, dövlətimizin daha da qüdrətlənməsi, insanların rifahı naminə görəcəyi işlərdə yeni və möhtəşəm uğurlar arzulayıb: “Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları azad olunmuş Qarabağ torpaqlarında şəhər və kəndlərin yenidən dirçəldilməsi ilə yanaşı məscid və məbədləri xüsusi qayğı ilə bərpa etdiyi üçün Uca Yaradanın Nəzərində və xalqın qəlbində daim ucalmaqdadır. Dövlət başçımızın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mənəvi irsə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqəti bütün dünya üçün dövlətçilik təfəkkürü örnəyidir. Azərbaycan dindarları adından Azərbaycan Prezidentini müdriklik zirvəsinə yetişməsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, misilsiz fəaliyyətlərində uğurlar və yeni zəfərlər arzulayıram”.
R.XUDATQIZI