Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejiminin
tələblərinin pozulması halları ilə bağlı daxil olmuş müraciət əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon prokurorluğundan verilən məlumata görə, “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.
Faktla bağlı Yevlax rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.
Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunmuş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.