Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyinə istinadən xəbərə görə, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Daha sonra hərbi attaşelər hərbi hissəni ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin fəaliyyəti haqqında brifinq təqdim olunub. Onlar burada şəxsi heyət üçün yaradılan şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar. Hərbi attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.