Azərbaycan Dövlət Pedaqoji Universitetinə ağır itki üz vermişdir... Belə ki, tələbələrin sevimlisi Yavər Əliyev dünyasını dəyişmişdir. Universitetin rəsmi saytında təqdim olunan nekroloq-məlumatda deyilir: "Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin keçmiş dekanı, coğrafiya üzrə fəlsəfə doktoru, müəllimlərin, tələbələrin və universitet əməkdaşlarının sevimlisi, dəyərli alim və pedaqoq dosent Yavər Əliyev haqq dünyasına qovuşmuşdur. ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun yaxınlarına dərin hüznlə baş sağlığı veririk.
Allah Rəhmət Eləsin!".
Allah Rəhmət Eləsin!".
***
Məlumat üçün bildirim ki, Əliyev Yavər Qaçay oğlu,1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
Olduqca vətənpərvər və səmimi insan olan Yavər Əliyev ömrünün 30 ilini yurd-torpaq həsrəti ilə yaşadı... Biz olduqca yaxın münasibətdə idik... Bu nisgil onun səhhətinə təsirsiz ötüşmədi. 2020-ci ildə torpaqlarımız erməni işğalçılarından təmizlənən günlərdə Yavər müəllimlə Bakının mərkəzi küçələrinin birində görüşdük. Sevindiyindən uşaq kimi kövrəlib danışırdı... Çox istəyirdi ki, Ağdamdakı evlərinin uçuqlarının yerində ev tiksin, yaşasın. "Allaha dua edirəm ki, bircə gün də olsa mənə artıq möhlət versin, Ağdamdakı həyətimizdə, o güllü-çiçəkli bağçamızda nəvələri başıma yığıb ürəkdən "Allah, sənə min şükür!" deyib, yaşaya bilim...".
Allah rəhmət eləsin! İnşəllah, arzusunu övladları, nəvələri həyata keçirər!
Asif MƏRZİLİ