Redaksiyamıza müraciət edən Astaranın Kələdəhnə kəndində yaşayan birinci qrup Qarabağ əlili Nizami İsmayılov səhhətində ciddi problemlər yarandığını bildirir. Onun sözlərinə görə, qaraciyərində bərkimə prosesi gedir, əgər vaxtında qarşısı alınmasa, serroza çevrilmə təhlükəsi var: “Böyrəklərimin ağrısından yerdə sürünürəm. Bir ayağım dizdən aşağı kəsilib, bədənim qəlpələrlə doludur, ağrılara dözmək olmur, maddi imkanım yalnız ağrıkəsicilər almağa yetir”.

N.İsmayılov Birinci Qarabağ müharibəsi zamanı Füzulidə gedən döyüşlərdə qranatamyotdan açılan atəş nəticəsində bir ayağını itirib, bədəni qəlpəylə doludur. Bildirir ki, yaşayış şəraitinin pis olması səhhətini çökdürüb, əlillik təqaüdü isə müalicələrə yetərli deyil: “Ağrıkəsicilər, sistemlər alıram, qonşuda tibb bacısı var, gəlib iynələri vurur, sistemi qoşur. Effektli müalicələr üçün çoxlu pul olmalıdır, o da yoxdur. Aidiyyəti üzrə bəzi məmurlar efirdə deyir ki, müharibə əlillərinə diqqət olunur, amma şəxsən mən o diqqəti görmürəm. Müharibə əlilinə bir ev tikməklə, bir maşın verməklə, pensiya kəsməklə vəzifə bitmiş hesab edilir, lakin elə deyil. 30 ilə yaxındır ki, dövlətin verdiyi pensiyanı canıma xərcləyirəm, yenə də sağlığıma qovuşmuram, əksinə, vəziyyətim günbəgün pisləşir”.

N.İsmayılovun sözlərinə görə, dövlət hesabına yalnız bir dəfə müalicə olunub: “Cəmi bir dəfə Bakıda Protez Ortopedik Bərpa Mərkəzində müalicə almışam, vəssalam. Ondan sonra pulsuz səhiyyə xidməti görməmişəm, bircə dəfə olsun reabilitasiya üçün hansısa ölkəyə göndərilməmişəm. Nə psixoloji, nə də tibbi yardım almışam. Artıq yorulmuşam ağrılardan yerdə sürünməkdən”.

Bildirdiyinə görə, N.İsmayılov 374 manat pensiya alır. 1996-cı ildə ona dövlət tərəfindən tikilib verilmiş mənzil əlil üçün əlverişsizdir. Təqaüdü isə əlverişli şərait yaratması üçün yetərli deyil: “Əlil üçün ev tikiblər, gəl ki, hamamından istifadə edə bilmirəm, dediyim kimi, bir ayağım amputasiya olunub, təkcə ayağım deyil, sol tərəfdəki bel sümüyümdə də qəlpələr var deyə, sol qolum fəaliyyətsizdir. Hamamı elə tikiblər ki, əlilliyimə görə şərait yoxdur, gedib tövlədə çimirəm. Ev nəmişlikdir, şəraitsizdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara Rayon Şöbəsindən isə bildirilib ki, Nizami İsmayılov müharibə əlili olaraq dövlətin mənzil, avtomobil imtiyazlarından istifadə edib, hazırda da 1-ci qrup müharibə əlili kimi təqaüd almaqda davam edir: “Əgər əlil müalicəyə ehtiyac duyursa, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN