Milli Təhlükəsizlik Şurası Türkiyənin cənub sərhədindəki əməliyyatların milli ehtiyacların bir zərurət olduğunu və qonşularının əmin-amanlığını təmin etdiyini bildirib.
TRT-nin məlumatına görə, Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirdiyi iclası başa çatıb.
İclasın yekunlarına dair bəyanatda “Cənub sərhədlərimizdə həyata keçirilən və ya aparılacaq əməliyyatların qonşularımızın ərazi bütövlüyünü hədəfə almadığı, milli təhlükəsizliyin zərurətindən irəli gəldiyi bildirilib” ifadələri yer alıb və sərhəddən kənardakı əməliyyatların qonşuların da əmin-amanlığı üçün keçirildiyi bildirilib.
Bundan əlavə, terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu addımlara son qoymağa və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib. Beynəlxalq ittifaqlarda müttəfiqlik ruhunu və qanunlarını hər zaman yerinə yetirən Türkiyənin müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözlədiyi vurğulanıb.
Qeyd edək ki, dövlət başçısı Ərdoğan bazar ertəsi Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada “Cənub sərhədlərimizdə 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin çatışmayan hissələri ilə bağlı da yeni addımlar atmağa başlayırıq. Ölkəmizə və təhlükəsiz zonalarımıza tez-tez hücumların mərkəzi olan ərazilər əməliyyat prioritetlərimizin başındadır. Türkiyə Silahlı Qüvvələrimiz, təhlükəsizlik qüvvələrimiz və kəşfiyyatımız hazırlıqlarını tamamlayan kimi bu əməliyyatlar başlayacaq” deyə bildirmişdi.
TEZADLAR.AZ