2010-cu ilin mayında Aran zonasını əhatə edən genişmiqyaslı daşqın nəticəsində sel suları altında qalan evlərdən biri də Saatlının Ağarəhimli qəsəbəsinin sakini Südabə Musayevaya məxsus olub.

Ən qəribəsi odur ki, Kür və Araz çaylarının daşması baş verəndə Südabə Musayevanın 48 yaşı olub. İndi yaşı 60-ı ötüb, ancaq o, daşqın nəticəsində qəzalı vəziyyətə düşən evinin təmir-bərpası üçün aidiyyəti üzrə dövlət qurumlarına hələ də teleqram və məktublar göndərməkdədir: "O vaxt nəvəm hələ dünyaya gəlməmişdi, indi 12 yaşını ötüb. Körpəliyi elə bu nəmişliyin içərisində keçdi, mən özüm də qocaldım bu qəzalı evdə, ölən öldü, doğulan böyüyüb boya-başa çatdı. Ancaq dövlət hələ də bizə ev tikməyib. Evmiz palçıqdan hörülmüş köhnə dədə-baba evidir. Bir tərəfdən də sel suları lap bərbad vəziyyətə saldı. Nəmişlikdən ailəlikcə revmatizmadan əziyyət çəkirik. 12 ildir yazırıq, kömək istəyirik, nəticəsi yoxdur. O vaxt əllərinə fürsət düşmüşdü, qəzalı evləri siyahıya almaq üçün adamlardan pul yığırdılar. Bizdən də 2 min manat istədilər, olmadı ki, verək, siyahıya düşək. Neçə dəfə gəlib evə baxdılar, şəkillərini çəkdilər, hər dəfə gedib gözlədilər ki, aparıb pul verək. Bizdən səs çıxmadıqca, bizi siyahıya almadılar. Ancaq o pulu verənlərə ev tikib verdilər. Bir sözlə, qanuni işi rüşvətlə gördülər".

"DOST İş Mərkəzi tərəfindən işlə təmin olunmuşam, küçə süpürürəm..."

Südabə Musayevanın oğlu Elamin Əsədov deyir ki, sosial durumları qənaətbəxş olmadığından ötən illər ərzində özləri ev tikə bilməyiblər: "Anam təqaüdçüdür, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Mən özüm gözdən əliləm, uzun müddət iş axtarandan sonra DOST İş Mərkəzi tərəfindən işlə təmin olunmuşam, küçə süpürürəm, 200 manatdan bir az çox maaş alıram, o pul heç ailəmin aylıq tələbatlarının yarısını ödəmir. Evimizin durumu anamı əsəb xəstəsi edib, mən pulsuzluq üzündən onu həkimə apara blmirəm. Hökumət hamıya necə, bizə də eyni qaydada ev tikməlidir, bu palçıq ev bir gün çökəcək, xəstə anam, azyaşlı oğlum altında qalacaq".

"Evin qəzalı vəziyyətə düşməsinin təbii fəlakətlə əlaqəsi yoxdur..."

Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Elamin Əsədov yaşadığı evin su daşqınları zamanı yararsız hala düşməsini əsas gətirərək ev tikilməsi üçün quruma müraciət edib: "2010-cu ildə Kür və Araz çaylarının daşması, Sarısu gölünün mühafizə bəndinin dağılması nəticəsində rayon ərazisində baş vermiş subasma hadisəsi zamanı əhaliyə dəymiş zərərin dəqiqləşdirilməsi və qiymətləndirilməsi, yeni evlərin tikilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilib. Ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evinin tikintisi və təmiri üçün rayon icra hakimiyyətində hər hansı bir Proqram həyata keçirilmir, bu işlər üçün vəsait nəzərdə tutulmayıb".

Fövqəladə Hallar Nazirliyi isə vətəndaşa yazdığı məktubda bildirib ki, ona məxsus evin qəzalı vəziyyətə düşməsinin təbii fəlakətlə əlaqəsi yoxdur. Buna görə də vətəndaşa hər hansı köməklik göstərilməsi qurumun səlahiyyətinə aid deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN