İranla Ermənistan arasında iqtisadi əlaqələr günbəgün artan temp üzrə inkişaf etməkdədir.
Bu yaxınlarda Ermənistanın baş naziri ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı zamanı da Paşinyan Ermənistan-İran əlaqələrinin inkişafından məmnunluğunu və iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirmişdi.
Rəisi də iki ölkə arasındakı münasibətləri tarixi və dərin səciyyələndirərək Ermənistan-İran iqtisadi əməkdaşlığının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulamışdı...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da İran və Ermənistan arasında iqtisadi əlaqələrin son iki ildə daha da artmasına diqqət çəkib:
“İkinci Qarabağ müharibəsindən sonra İran ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi müşahidə olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 502.8 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 25.2 faiz artım deməkdir”, -deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, bu ilin ilk yarısında İran ilə Ermənistan arasında ticarət dövriyyəsi 307 milyon dollara çatıb və bu ötən ilin uyğun dövrü ilə müqayisədə 73.0 faiz artım deməkdir.
Vüqar Bayramov vurğulayıb ki, rəsmi Tehran Ermənistan ilə illik ticarət dövriyyəsini 1.0 milyard dollara çatdırmağı hədəfləyir: “Statistika həqiqəti daha aydın göstərir”,- o bildirib.
Xatırladaq ki, ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 400 milyon dollar civarında olub.
İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifinin açıqlamasına görə, cari ilin 4 ayı ərzində (mart-iyul) İranın Azərbaycanla ticarət dövriyyəsi 245 milyon dollar təşkil edib.
Y.MƏMMƏDLİ