“2022-23-cü illəri əhatə edən Yol Xəritəsində əmək qanunvericiliyi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericiliyə daxil edilməsi məsələsi əksini tapıb”.

Bu fikirləri Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov “Əlverişli biznes mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə yol xəritəsinin əhəmiyyətindən danışarkən bildirib. 

Onun sözlərinə görə, məşğulluğa dair məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür və qadınlara münasibətdə müəyyən məhdudiyyətlər aradan qaldırılacaq.

Sahib Məmmədov qeyd edib ki, qadınlarla bağlı bəzi pozitiv diskriminasiya adlandırdığımız məhdudiyyətlər vardı:

“ Onların gecə növbəsinə işə cəlb olunması, sağlamlıq üçün ziyanlı olan iş yerlərində işləməyə qadağaların qoyulması hazırda aradan qaldırılır. Yalnız müəyyən hallar üçün məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığının təmin olunması, işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə işsizlikdən sığorta və məcburi dövlət sığorta sistemində təkmilləşdirmənin həyata keçrilməsi vacib şərtdir”, - deyə hüquqşünas bildirib.

 O, konstitusiyanın müvafiq maddələrinə əsasən, işsizlərin müavinət almaq hüququndan bir çox işsiz vətəndaşların yararlana bilmədiyini də vurğulayıb:

 “Bizdə Konstitusiyanın 35-37-ci maddələrinə əsasən, işsizlərin müavinət almaq hüququ vardır. Amma bizim “İşsizlikdən sığorta haqqında” qanun bütün bu tələblərə cavab vermir. Bir çox hallarda işsiz qalan şəxslər bu müavinəti ala bilmir”.

Xatırladaq ki, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılmasını nəzərdə tutan 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı olub.

Qeyd edilib ki, əmək bazarı üzrə işçi qrupunun da rəy və təklifləri əsasında “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə Yol Xəritəsi hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub.  

Sənəddə əmək qanunvericiliyinin keyfiyyəti, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığı, işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbir əksini tapır. Həmin tədbirlər işçilərin sosial müdafiəsi, məşğulluq üzrə qanunvericiliyin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və s. kimi istiqamətləri əhatə edir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN