Xəbər veridyimiz kimi, dünən ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb.

Tənzimləyici 2022-ci ildə ABŞ ÜDM-in artımı proqnozunu 1,7%-dən 0,2%-ə qədər azaldıb, həmçinin ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 5,2%-dən 5,4%-ə, 2023-cü ildə 2,6%-dan 2,8%-ə, 2024-cü ildə isə 2,2%-dən 2,3%-ə qaldırıb.

Bəs FED-in uçot dərəcəsini artırması birjalara və Azərbaycanda dolların məzənnəsinə təsir edə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov FED-in uçot dərəcəsini artırması ilə bağlı danışarkən qeyd edib ki, bu 1994-cü ildən bəri ən yüksək artımdır.

Millət vəkili vurğulayıb ki, inflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür.

“FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır.

FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də, Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir”, -  iqtisadçı bildirib.

Azərbaycanda da dollar bahalaşa bilərmi?

Vüqar Bayramov bununla bağlı əvvəlki fikrində qaldığını xatırladıb:” Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə  o, əvvəlki fikirlərini bir daha təsdiqləyib.

Xatırladaq ki,  Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 22.09.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6331 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, ötən gün də USD/AZN rəsmi məzənnəsi 1,6331 səviyyəsində olub.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN