Gələn il sosial təminat xərclərinə 4 milyard manatdan çox vəsait ayrılacaq
“Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub”.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O, qeyd edib, büdcə layihəsinin müzkirəsi zamanı inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub.
Millət vəkili ayrılacaq vəsaiti də açıqlayıb:
“Konkret rəqəmlərə gəldikdə isə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir”.
Vüqar Bayramov izah edib ki, 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur.
Onun sözlərinə görə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub, lakin bununla yanaşı, növbəti ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq:
“ Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır”, -deyə o vurğulayıb.
***
Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.
İclasda vurğulanıb ki, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanıb.
Xatırladaq ki, 2022-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 13 milyard 850,7 milyon manat proqnozlaşdırılmışdı.
Büdcənin sosial xərcləri 46.4 faizə çatdırılmış və cari illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılmışdı. Bu xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlı idi, yəni 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait ayrılması təklif olunmuşdu.
Y.MƏMMƏDLİ