"Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxış Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”.
Avropa Komissiyası bu gün enerji xərclərinə dair rüblük hesabatını açıqlayıb.
Sənədə əsasən, 2022-ci ilin ikinci rübündə Aİ ölkələri Azərbaycandan 2,8 milyard avroluq qaz alıb. Birinci rübdə Azərbaycan qazı 2,1 milyard avroya alındığından, alışda artım 33,3 faizə çatıb.
Hesabatda bildirilir ki, 2022-ci ilin aprel-may aylarında Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazının qiyməti İtaliya və Yunanıstan üçün MVt/saat üçün 98,19 avro, Bolqarıstan üçün isə MVt/saatI 86,32 avro təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ikinci rübdə tədarük artımı 57%-ə çatıb. Aprel-iyun aylarında Azərbaycan qazının Avropa istehlakında payı 2,9% təşkil edib.
"Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxış Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir", - deyə Avropa Komissiyasında vurğulanıb.
***
Qeyd edək ki, 2022-ci ilin 8 ayının yekunlarına əsasən, Azərbaycanın Energetika Nazirliyi qaz ixracının artdığını açıqlayıb. Bu ilin 8 ayı ərzində qaz ixracı 23% artıb. Avropaya 7,3 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə - 5,4 milyard kubmetr. Gürcüstana - 1,7 milyard kubmetr.
Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycana səfər etmişdi.
O, ölkə prezidenti İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Anlaşma Memorandumunu imzalayıblar.
Avropa İttifaqı Komissiyasının sədri “Twitter”dən sözügedən mövzu ilə bağlı bu fikirləri paylaşmışdı: "Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir. Bugünkü razılaşma ilə biz Azərbaycandan Aİ-yə qaz tədarükünü ikiqat artırmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, qışda qaz təchizatımız üçün yaxşı xəbərdir."
Ursula fon der Leyen bu görüşdən əvvəl sosial media hesabında təbii qazın verilməsi ilə bağlı Azərbaycanla yeni enerji sazişi imzalayacaqlarına diqqət çəkərək yazmışdı: “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyi və iqlimə uyğun transformasiyada çox mühüm tərəfdaş olacaq”.
Y.MƏMMƏDLİ