“SOCAR-ın törəmə şirkəti olan “Socar Gas Georgia” Gürcüstanın qaz bazarında əsas oyunçudur”.
Bunu Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Xidmət və Logistika Dövlət Şirkətinin baş direktorunun müavini, Gürcüstan Texniki Universitetinin və Daşkənd Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Zurab Qarakanidze Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıqdan danışarkən bildirib.
Z.Qarakanidze qeyd edib ki, 2006-cı ildən Gürcüstan hər il orta hesabla 2,5 milyard kubmetr qaz istehlak edir ki, bunun da 88 faizi və ya 2,2 milyard kubmetri Azərbaycandan alınır.
O, SOCAR-ın törəmə şirkəti olan “Socar Gas Georgia” Gürcüstanın qaz bazarında əsas oyunçu olduğunu, bundan başqa, Gürcüstanın Şahdəniz Konsorsiumu ilə iki müqaviləsi olduğunu da vurğulayıb.
“Bu müqavilələrə əsasən, Gürcüstan ya Cənubi Qafqaz Qaz Boru Kəməri ilə Türkiyəyə nəql edilən qazın 5%-ni tədarük edə, ya da mövcud beynəlxalq standartlara uyğun olaraq tranzit vergisi ala bilər”.
Professor Gürcüstanın 2009-cu ildə SOCAR ilə 2030-cu ilə qədər uzunmüddətli müqavilə imzalamasına da diqqət çəkərək bildirib ki, həmin sazişə uyğun olaraq, ARDNŞ müqavilədə nəzərdə tutulan tədbirləri həyata keçirməkdən əlavə, Gürcüstanın qaza olan tələbatını ödəməyi öhdəsinə götürür.
Qarakanidze əlavə edib ki, Gürcüstan enerjiyə olan daxili tələbatını ödəməklə yanaşı, Türkiyə ilə birlikdə Azərbaycan nefti və qazının Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri (BTC) və Cənubi Qafqaz Qaz Boru kəməri vasitəsilə Qərb bazarına ötürülməsi üçün mühüm tranzit ölkədir.
Y.MƏMMƏDLİ