“Beynəlxalq bazarlarda böhranın hökm sürməsinə baxmayaraq, ölkələrimizin iqtisadiyyatı tədricən bərpa olunur”.
Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Hökumət Başçıları Şurasının üzvləri ilə görüşü zamanı səsləndirib.
Prezident Kasım-Jomart Tokayev çıxışında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.
“Burada ticarət-iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Bildiyiniz kimi, il ərzində Qazaxıstanın sədrliyi çərçivəsində MDB-nin 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyasının vəzifələrinin fəal şəkildə həyata keçirilməsi davam etdirilmişdir. Beynəlxalq bazarlarda böhranın hökm sürməsinə baxmayaraq, ölkələrimizin iqtisadiyyatı tədricən bərpa olunur”, - deyə Qazaxıstanın dövlət başçısı qeyd edib.
O, maneələrin aradan qaldırılmasına, proteksionizmə ( idxal olunan mallara görə tariflər, idxal kvotaları və başqa bir sıra dövlət tənzimləmələri ilə digər ölkələrdən idxalın məhdudlaşdırılmasına yönəlmiş iqtisadi siyasət- red) yol verməməyə, əlverişli tarif şəraitinin yaradılmasına, MDB məkanında inzibati prosedurların sadələşdirilməsinə çağırıb.
Kasım-Jomart Tokayev çıxışında tranzit və nəqliyyat potensialının inkişafına da diqqət çəkib. O, xüsusilə Avrasiya bazarları üçün yeni imkanlar açan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun perspektivlərini qeyd edib.
“Bu mövzu getdikcə aktuallaşır, mən inanıram ki, MDB-yə üzv dövlətlər mövcud potensialı inkişaf etdirmək, xüsusən də İran, Fars körfəzi və Hindistana çıxışı olan Şimal-Cənub istiqamətində ticarəti inkişaf etdirmək üçün birgə çalışacaqlar”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib.
Və o, Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
JASMİN