Ukrayna Silahlı Qüvvələrinin (USQ) Sevastopol və Qara Dəniz Donanmasının şəhər buxtasında yerləşdirilmiş pilotsuz təyyarələrinin hücumundan sonra Rusiya taxıl müqaviləsində iştirakını dayandırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Müdafiə Nazirliyi sazişin dayandırılmasını Böyük Britaniyanın sözügedən hücumda iştirakı ilə əlaqələndirib və bunu yenidən terror aktı adlandırıb. Nazirlik hücuma məruz qalan gəmilərin taxıl dəhlizinin təhlükəsizliyini təmin etdiyini qeyd edib.
“Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə qarşı həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin məlumatında Rusiyanın sövdələşmədə iştirakının bərpası şərtləri açıqlanmayıb.
Taxıl müqaviləsi iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanıb. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracını nəzərdə tutur. Oktyabrın 20-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, taxıl müqaviləsinin uzadılmasına çox da optimist yanaşmaq olmaz.
E.ŞİRİNOV