Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisindən keçən müxtəlif dəhlizlərlə tranzit daşımaların həcminin 50%-dən çox artması ölkənin tranzit regional qovşağı kimi əhəmiyyətindən xəbər verir.
Bunu Avrasiya Araşdırmalar İnstitutunun baş elmi işçisi, Siyasət, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik üzrə Qrupun rəhbəri Lidiya Parxomçik Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı barədə danışarkən bildirib.
O, qeyd edib ki, tərəflər “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) üzrə tranzit yüklərin daşınmasının təşkili istiqamətində mühüm işlər görüblər.
“Hazırda dəhlizin daşıma qabiliyyəti 6 milyon ton yük və 80 min TEU səviyyəsində qiymətləndirilir. Azərbaycan rəhbərliyi Zəngəzur dəhlizinin tezliklə işə salınması üçün ciddi səylər göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hesablamalarına görə, marşrut Azərbaycan ərazisindən 5-8 milyon ton yükün əlavə tranziti üçün imkanlar yaradacaq”, – ekspert bildirib .
Qrup rəhbəri vurğulayıb ki, cari ilin 6 ayı ərzində Azərbaycan ərazisindən keçən müxtəlif dəhlizlərlə tranzit daşımaların həcminin 50%-dən çox artması ölkənin tranzit regional qovşağı kimi əhəmiyyətindən xəbər verir.
“Çin-Avropa-Çin yükdaşıma marşrutu üzrə həm də mərkəzi logistika əlaqəsi olan Qazaxıstan üçün Azərbaycanla əməkdaşlıq milli nəqliyyat strategiyasının mühüm elementidir”, - deyə diqqətə çatdırıb.
***
Xatırladaq ki, Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev də bildirib ki, Rusiya üçün prioritet istiqamət “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafıdır ki, bu dəhlizdə Azərbaycan Avrasiya İqtisadi Birliyini İran, Türkiyə və Hindistanla birləşdirən əsas tranzit ölkə kimi mühüm yer tutur.
Y.MƏMMƏDLİ