Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Quba Ting" MMC-nin tingçilik təsərrüfatlarını yerli istehsal olan sağlam əkin materialı ilə
təmin etməyi hədəfləyən layihəyə dəstək məqsədilə 200 min manat güzəştli kredit ayrılıb. Müasir şəraitdə innovativ fəaliyyət kənd təsərrüfatının inkişafında başlıca amillərdəndir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabında məlumat verilib.
Xatırladaq ki, bir neçə il öncə Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək onlardan meyvə tingləri əldə olunması ilə bağlı layihənin icrasına başlanılmışdı.
Beləki, 2018-ci ildə “Quba rayonunda innovativ üsulla meyvə tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Quba Ting" MMC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müəssisə laboratoriya şəraitində calağaltılar yetişdirəcək və bu calağaltılardan “Meyvə tingləri istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin təsərrüfatlarında calaq etməklə meyvə tingləri becəriləcəkdi.
Layihənin əsas məqsədi ölkəmizdə ətraf mühitin mənfi təsirlərinə və xəstəliklərə davamlı, intensiv və superintensiv bağçılığın tələblərinə cavab verən meyvə tingləri yetişdirmək və onlardan müasir bağlarının salınmasında istifadə edilməsini genişləndirmək idi.
Dəyər zənciri formasında qurulan istehsalçı-fermer tərəfdaşlığına Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, həmçinin Dünya Bankı dəstək verirdi.
***
Və göründüyü kimi, SİF də “Quba Ting" MMC-nin tingçilik təsərrüfatlarına dəstək göstərib.
Y.MƏMMƏDLİ