Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.
Bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir.
“ 700 min vətəndaşımızı əhat edəcək minimum əmək haqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq, minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz”, - deyə bildirib.
Vüqar Bayramov xatırladıb ki, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçib.
Onun sözlərinə görə, minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək.
“ Bu sərəncam, eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq.
Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək”, - deyə millət vəkili bildirib.
Y.MƏMMƏDLİ