Azərbaycanda da soğan bahalaşıb - soğan ixracına məhdudiyyət qoyulmalıdırmı?..
Qazaxıstandan soğan daşıyan yük maşınlarının sərhəddə gecikməsi ilə bağlı vəziyyət izah edilib.
Beləki, Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Qazaxıstan 2023-cü il yanvarın 28-də ölkədən soğan ixracına üç aylıq qadağa tətbiq edib.
Bu, üçüncü ölkələrdən yerli tərəvəzə olan ajiotaj tələbatla əlaqədardır. Sərəncama uyğun olaraq, ərazi müfəttişləri tərəfindən ixrac üçün fitosanitar sertifikatlarının verilməsi artıq dayandırılıb.
Qeyd edilib ki, Rusiya Federasiyası ilə sərhədin gömrük-keçid məntəqələrində bu sənəd qüvvəyə mindikdən sonra soğan daşıyan (səlahiyyətli orqanlar tərəfindən qadağa əmri qüvvəyə minməzdən əvvəl) və müvafiq olaraq 28 yanvar 2023-cü il tarixinədək fitosanitar sertifikatı olan nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçməsinə qədər gecikmə ilə bağlı vəziyyət yaranıb.
“Bununla belə, qaydalara əsasən, ağır yük maşınlarının sürücüləri yanvarın 28-dək soğanı Qazaxıstandan çıxarmalı idilər”, - deyə Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kompleksdə Dövlət Müfəttişliyi Komitəsinin sədri Kanış Əliyev ötən gün Qərbi Qazaxıstan vilayətinin “Sırım” keçid məntəqəsinə gəlib.
O, sahibkarlara izah edib ki, soğanı daxili bazarda satmaq lazımdır və bu işdə amirliklər kömək etməlidir. Qurumun məlumatında qeyd edilir ki, sahibkarlar bu təklifə müsbət reaksiya veriblər.
“Nəticədə soğanla yüklənmiş 24 avtomobil Türküstan bölgəsinə qayıdıb. İndi “Sırım” keçid məntəqəsində vəziyyət sabitləşib, - nazirlik açıqlayıb.
Qeyd edək ki, son 10 gündə ölkəmizdə də bazarlarda soğanın bahalaşması başlanıb. Hazırda Azərbaycan bazarlarında soğanın qiyməti 1 manatı da keçib... Halbuki əvvəllər 3 kiloqramı 1 manata, yaxın günlərədək kilosu 50 qəpiyə də satılırdı.
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə qiymət artımının qarşısını almaq üçün təklif verib ki, ölkəmizdə də soğan ixracına məhdudiyyət qoyulsun: "Məqsədəuyğun olardı ki, yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulsun, idxalına isə güzəştlər tətbiq edilsin. Azərbaycandan köhnə soğan ixrac edilmir, yalnız yazlıq faraş soğan ixrac edilir. Lakin region bazarlarındakı qeyri-sabit vəziyyəti nəzərə alsaq bizdən də köhnə soğan ixrac edilə bilər".
JASMİN