“...Layihələr çərçivəsində açılan VÖEN-lər daha tez bağlanır. Bu onu göstərir ki, qadınlarımızın fəaliyyət strategiyası yoxdur. Bunun da təməlində bilgisizlik dayanır”.
Bu fikri Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva ölkəmizdə qadınların sahibkarlıqla məşqul olmalarına mane olan səbəblərdən danışarkən bildirib.
AQSİA sədri apardıqları statistik araşdırmalar nəticəsində ölkədəki qadınların 1 milyon 700 mindən çoxunun sahibkar ola bilmə imkanına malik olduğunu və hazırda bu rəqəmin cəmi 200 mindən bir qədər artıq olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, qadınlar sahibkarlıqla məşul olmaq üçün riyazi məntiqi də, iqtisadi qanunvericiliy də bilməli, həmçinin idarəçilik bacarıqlarını da artırmalıdırlar.
Qeyd edək ki, ötən il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda açıqlanıb ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş şəxslərin 21,4%-ni qadınlar təşkil edib. sahibkar qadınların 30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Qadın sahibkarların əsas hissəsinin xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərdiyi bildirilir.
Y.MƏMMƏDLİ