Almaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və bununla əlaqədar elektrik xərclərinin artması səbəbindən keçən il 100 milyard avro itirib. Müvafiq bəyanatla Almaniya İqtisadi Araşdırmalar İnstitutunun prezidenti Marsel Fratşer çıxış edib.
"Ukraynadakı münaqişə və bununla əlaqədar elektrik enerjisi xərclərinin kəskin artması Almaniyanın 2022-ci ildə iqtisadi məhsuldarlığına demək olar ki, 2,5 faiz və ya 100 milyard avro bahasına başa gəlib. Bu xərclər növbəti illərdə artmağa davam edəcək", - Rheinische Post Fratşer-dən sitat gətirib.
O, Rusiyanın enerji resurslarından çox asılı olduğu üçün böhrandan ən çox Almaniyanın zərər çəkdiyini vurğulayıb.
Bundan əlavə, Berlin enerji tutumlu istehsalın yüksək payına malikdir və ixracdan çox asılıdır.
Bundan əvvəl Almaniyanın sosial fəlakət gözlədiyi bildirilirdi. Müvafiq bəyanatla Sol Partiyasının rəhbəri Martin Şirdevan çıxış edib.
Onun sözlərinə görə, ölkədə dəhşətli enerji qıtlığı var və bunu artıq əhali hiss edir. Bundan əlavə, Almaniya inflyasiya ilə sarsılır, buna görə insanlar öz ərzaqlarını ala bilmirlər.
E.ŞİRİNOV