Azərbaycanın tikinti sektorunda qəribə hallara çox rast gəlmişik... Tikdiyi binası istismara yararsız olan, bir mənzili bir neçə şəxsə satan, işi məhkəmədə olan... MTK sədrlərinin barəsində az qala hər gün eşidirik. Hətta elələri var, məhkəmə barəsində 14 il azadlıqdan məhrumetmə hökmü çıxarıb, amma həmin MTK sədri axtarışa verilib... üstəlik və gülməsli olan budur ki, həmin MTK sədri Bakı restoranlarında yeyib-içməkdə, öz istirahətində olub və s.
***
Bu dəfə tamamilə fərqi hadisənin şahidi oluruq. Sosial şəbəkələrdə yazılanlardan bəlli olur ki, Dərnəgüldə "Təbriz" MTK-nın inşa etdiyi bir binası var... Həmin binanın divarına "Şəhid ailəsinin evini 4 nəfərə satan Nofələ Allah lənət eləsin" sözləri yazılmış lövhə asılıb. Belə çıxır ki, boğaza yığılan zərərçəkmiş başqa yol tapmayıb, etirazını belə bildirib. Lənət oxunan Nofəl adlı şəxs isə, sən demə, Hacıyev Nofəl Əhməd oğludur. O, "Təbriz" MTK-nın sədridir, təsisçilərdən biridir, ya başqa nəsə statusludur. Onun Bərdədən olduğu da həmin lövhədə yazılıb.
Maraqlıdır ki, zərərçəkmiş, yəni canı boğazına yığılmış şəxsin lənətlədiyi Nofəl Hacıyev niyə sosial mediada yazılanlara reaksiya vermir. Adı çəkilən MTK-ya da zəng etməyə çalışdıq, telefon əlaqəsi mümkünsüz oldu. Bəs görəsən bu qalmaqallı məsələ məhkəməyə gedib çıxmayıb? Güdib çıxmaya bilməzdi... Görünür, məhkəmə hakimi elə hərəkət edib ki, zərərçəkmiş məhkəməyə deyil, lənətləməyə üstünlük verməli olub.
A.Məmmədli