“Həm kredit faizləri, həm də əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq”.
***
Əmanət gəlirləri vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələlərdəndir. Mərkəzi Bank kredit faizlərinin artırılması üçün hər hansı əsasın olmadığını bəyan edib. Hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olumadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir.
Bu fikri iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, məhz bu baxımdan, həm kredit faizləri, həm də əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq.
İqtisadçının sözlərinə görə, ölkədə bankaların kreditləşməyə meyl göstərməməsinə səbəb onların riskə getmək istəməməsi ilə əlaqədardır:
“Bununla belə, son ayların tendensiyası ölkə üzrə kreditləşmənin azalmasından xəbər verir. Kredit portefli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda kredit qoyluşları 3 faizdən çox azalıb. Bunun səbəbləri risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması, bir sıra banklarda kreditə əlçatanlığın tam təmin olunmaması və təbii ki, faizlərin hələ də yüksək olmasıdır”, -deyə o bildirib.
Vüqar Bayramov Mərkəzi Bankın bəzi addımlar atmalı olduğunu da vurğulayıb.
“Bu baxımdan, Mərkəzi Bank tərəfindən həm kredit qoyluşlarının artırılması, həm də faizlərin optimallaşdırılması üçün təşviqedici tədbirlərin dairəsinin genişləndirməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırması vacibdir”, - iqtisadçı ekspert qeyd edib.
Y.MƏMMƏDLİ