Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən erməni işğalından azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması çərçivəsində ümumilikdə 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb.
Bunu Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Ərazi və tabeli qurumlarla iş şöbəsinin müdiri Pərviz İsgəndərli işğalından azad olunmuş ərazilərdə əmlakların inventarlaşdırılması və dəymiş ziyanın məbləğinin hesaqblanması ilə bağlı görülən işlərdən danışarkən bildirib.
ƏMDX rəsmisi diqqətə çatdırıb ki, dəymiş ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olmuş və topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit edilib və Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib.
O, “Eyni zamanda, dəymiş ziyanla əlaqədar beynəlxalq məhkəmədə sübut kimi təqdim edilə biləcək sənədlərin toplanması istiqamətində işlər aparılıb”, -deyə vurğulayıb.
Xatırladaq ki, Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf rayonları işğalda saxladığı 30 illik müddət ərzində şəhər və kəndlərimizi talamış, yandırmış, yeraltı və yürüstü sərvələrimizi barbarcasına istisamar etmiş, otu kök üstündə qoymamışlar... Azərbaycana küllü miqdarda ziyan dəymişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan ölkəmizin bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuşdur. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Və budur, Ermənistanın vurduğu ziyan sübutlarla sənədləşdirilir. Yəqin ki, tezliklə səbəbkarlar törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar.
JASMİN