Bu gün on tonlarla qida məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib...
TEZADLAR.AZ AQTA-ya istinadən xəbər verir ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyiyinə daxil olan müraciət əsasında, “Jenuessa Global Azerbaijan” MMC-yə məxsus ümumi sayı 6000 ədəd “Nevo” əmtəə nişanlı enerji içkisi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, fiziki şəxs Diniyev Kənan Cəlal oğluna məxsus ümumi sayı 128 ədəd qablaşdırılmış turşu məhsulu, “GFC” MMC-yə məxsus ümumi çəkisi 19 ton dondurulmuş toyuq əti məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsulu, “Milla Dairy" MMC-yə məxsus 7 adda 12,293 ton müxtəlif növ dondurma məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Xatırladaq ki, dəfələrlə qida məhsullarının istifadə müddəti bitən tarixədək çatdırıb zibilxanaya gömülməsi məsələsindən yazmışıq.
Təəssüf ki, bu məhsulların vaxtında əhaliyə satılması yolları fikirləşilmir, yaxud təlabat yoxdursa istehsalı azaldılmır və ya idxalı.
Elə bu günlərdə ölkəyə Rusiya Federasiyasının Rostov vilayətindən 5 ton quş əti idxal olunub.
Qeyd edək ki, ərzaqdan səmərəsiz istifadə problemi bütün ölkələrdə mövcuddur: BMT-nin məlumatına görə, 2019-cu ildə dünyada bütün ərzaq məhsullarının 31%-i və ya 1,64 milyard ton zibil qutusuna atılıb. Eyni zamanda, israf edilən qidanın ən azı dörddə birini azaltmaqla dünyada aclıq problemi həll edilə bilər.
Və dünya əhalisinin təqribən 800 milyonu aclıq çəkir və hər dəqiqə 11 insan aclıq və pis qidalanma səbəbindən ölür...
JASMİN