Ötən il Azərbaycana 538,7 min. ABŞ dolları dəyərində 98,9 ton təbii bal idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 26,3 faiz azdır.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Azərbaycan isə əsasən Rusiya, Türkiyə və İspaniyadan bal idxal edir.
Xatırladaq ki, 2021-ci ildə ölkədə bal itehsalı artıb. Məlumata görə, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Belə ki, arıçılıq təsərrüfatlarından 7 min tona yaxın bal əldə olunub.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov KİV-ə verdiyi açıqlamada bildirib ki, təxminən 5 min ton illik bal tələbatımız var.
Onun sözlərinə görə, bir çox ölkələr daxili bazarı qorumaq üçün bal idxalına məhdudiyyət qoyur, yaxud qadağan edir.
Sədr diqqətə çatdırıb ki, ölkəmizdə də bal idxalı ilə bağlı məhdudiyyət tətbiq edilməlidir ki, daxili bazar qorunsun, çünki gələcəkdə yerli bazarı xarici ballar tutsa, onlarla rəqabət aparmaq müşkülə çevriləcək.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan həm də bal ixracatçısıdır. Ötən il ölkədən cəmi 18,63 min dollar dəyərində 0,74 ton təbii bal ixrac edib.
Statistika Komitəsinin məlumatından da göründüyü kimi, bal idxalı nəzərəçarpacaq dərəcədə azalıb.
Qeyd edək ki, "Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib.
Y.MƏMMƏDLİ