Hazırda Azərbaycan 107 ölkəyə məhsul ixrac edir. Rusiya, Türkiyə, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Niderland, Rumıniya, Bolqarıstan və İtaliyaya daha çox məhsul ixrac edilir. Həmin ölkələrə ixrac edilən məhsullar “Made in Azerbaijan” brendi altında istehsal edilən “rəf məhsulları” kimi deyil, xammal formasında göndərilir.

Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev KİV-ə açıqlamasında bildirib.

O, qeyd edib ki, bu ixrac daha çox azot gübrələri, polietilen, polipropilen üzrədir.

İcraçı direktorun sözlərinə görə, xaricə ixracımızın böyük çoxluğunu sənaye  məhsulları təşkil etdiyi üçün  bir çox ölkələrdə “Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsullara rast gəlmək olmur.

 “Misal üçün, 2022-ci ildə İsveçrəyə dəyəri 200 milyon ABŞ dollarına yaxın qızıl ixrac edilib. Ümumilikdə uzaq ölkələrə ixracımızda daha çox sənaye məhsulları yer alır. Bunun nəticəsidir ki, bəzi ölkələrdə “Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsulu görmək olmur. Məsələn, Azərbaycan fındığı xammal kimi dünyanın aparıcı qənnadı istehsalçısına tədarük olunur, orada emal edilir və bu xammaldan müxtəlif növ şokoladların, yaxud digər məhsulların istehsalında istifadə olunur”, - deyə o, izah edib.

Yusif Abdullayev diqqətə çatdırıb ki, “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsullar daha çox emal olunmuş, eyni zamanda ilkin kənd təsərrüfatı məhsullarıdır.

 Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir.
AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nizamnaməsi təsdiq olunub.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin əsas missiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək və dəstək verməkdir. 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN