Bitki yağının qiyməti fevral ayının yekunlarına görə, 17,5%, günəbaxan yağı 17,2%, zeytun yağı isə 26,3% bahalaşıb.
Qazaxıstan KİV-in məlumatına görə, bitki yağının qiymətlərində ən nəzərəçarpacaq sıçrayış ölkənin Karaqanda vilayətində qeydə alınıb - 24%.
Belə ki, günəbaxan yağı ən çox Karaqanda vilayətində, ən azı Qərbi Qazaxıstan vilayətində, zeytun yağı ən çox Pavlodar vilayətində, ən azı isə Ulıtau vilayətində bahalaşıb.
Hesabatda bildirilir ki, bu ilin ilk iki ayında Qazaxıstan Respublikasında 111,8 min ton təmizlənmiş və emal olunmamış bitki yağı istehsal edilib ki, bu da bir il əvvəlkindən 31% çoxdur.
Analitiklər əlavə ediblər ki, ölkədə bitki yağı istehsalının 77%-i ən populyar olan günəbaxan yağının payına düşüb.
Qeyd edək ki, Azərbaycanda da ötən il bitki yağlarının qiyməti təxminən 30 % bahalaşıb. Bu barədə konkret statistik rəqəmlər mövcuddur.
Beləliklə, 2022-ci ildə zeytun yağı orta qiymətində əvvəlki illə müqayisədə təxminən 10% bahalaşıb.
Belə ki, 1 litr zeytun yağının son bir ildəki orta qiyməti 1 manat 31 qəpik, yəni 9,8 faiz artaraq 13 manat 35 qəpikdən 14 manat 66 qəpiyə yüksəlib. Yerli zeytun yağının qiyməti 1 manat 59 qəpik, və ya 13,7% artaraq 11 manat 60 qəpikdən 13 manat 19 qəpiyə doğru dəyişib.
1 litr günəbaxan yağının orta qiyməti 4 manat 27 qəpikdən 5 manat 74 qəpiyə qalxıb. Nəticədə 1 manat 47 qəpik və ya 34,4% bahalaşma baş verib. Yerli günəbaxan yağının qiyməti də 4 manat 22 qəpikdən 5 manat 60 qəpiyədək artıb. Nəticədə qiymətlər 1 manat 38 qəpik, yəni 32,7% yüksəlib.
Qarğıdalı yağların 1 litrinin orta qiyməti 5 manat 53 qəpikdən 7 manat 46 qəpiyə doğru dəyişib. Nəticə də qiymətlər 1 manat 93 qəpik, yaxud, 34,9% artıb və ilaxır.
Y.MƏMMƏDLİ