Bu ilin yanvar-mart aylarında ölkəyə 53,48 min ABŞ dolları dəyərində 10,48 ton təbii bal idxal edilib.
TEZADLAR.AZ xəbər verir ki, vergiler.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər olaraq 63,2 faiz, həcm ifadəsində isə 66,5 faiz azdır.
Hesabat dövründə məhsul yalnız Türkiyə, Almaniya, İran və İtaliyadan idxal edilib.
Dəyər ifadəsində ən çox idxal Türkiyədən olunub. Bu ölkədən cari ilin ilk 3 ayında 30,05 min dollar dəyərində 6,96 ton təbii bal gətirilib ki, bu da 2022-ci ilin yanvar göstəricilərindən dəyər olaraq 26 faiz, həcm ifadəsində isə 43,6 faiz azdır.
Almaniyadan isə 17,32 min dollarlıq 1,51 ton bal tədarük edilib ki, bu da 2022-ci ilin yanvar-mart göstəricisi ilə müqayisədə dəyər və həcm baxımından müvafiq olaraq 6,4 və 6,3 dəfə çoxdur.
Bu məhsul kateqoriyası üzrə İrandan 6 min dollarlıq (-50,5 faiz) 2 ton (-49,4), İtaliyadan isə 0,11 min dollar dəyərində (-42,1) 0,01 ton (-50 faiz) idxal əməliyyatları həyata keçirilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan cəmi 9,82 min dollar dəyərində 0,53 ton təbii bal ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətdə ixracın dəyəri 6,2 dəfə, həcmi isə 6,6 dəfədən çox artıb.