Ötən gün Niş şəhərində Prezident İlham Əliyevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Serbiya ilə Azərbaycan mavi qazını alan ölkələrin sayı ən böyük təkrəqəmli səviyyəyə çatacaq.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verilməsi Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişləndirdi.
İqtisadçı ekspert vurğulayıb ki, bu il Avropaya mavi qaz ixracatını 12 milyard kub metrə çatdıracaq və Serbiya ilə də ticarət dövriyyəmiz iki dəfəyədək artıb.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiya idi. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kub metrə çatdıracaq. 2026-cı ildən sonra isə Azərbaycan köhnə qitəyə 20 milyard kub metr mavi qaz göndərə biləcək.
Qeyd edək ki, strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhvə verəcək", - deyə deputat qeyd edib.
Xatırladaq ki, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.
Y.MƏMMƏDLİ