Respublikaçı Alternativ Partiyasının sədri mikrosahibkarların vergi öhdəliyinin 20 faizdən 1 faizə endirilməsi təklifilə çıxış edib.
İlqar Məmmədov öz teleqram- kanalında bildirib ki, Azərbaycanda mikrosahibkar kimi qeydiyyatdan keçən 350 min vətəndaş var. “Bu il, parlament seçkisi ilində hökumət sizin verginizi 5 faizdən 20 faizə qədər artırdı. Siz bunu səsverməyə gedərkən unutmamalısınız. Bu hökumətin siyasətinə qarşı çıxış edən REAL Partiyasinın rəhbəri olaraq əminliklə bildirirəm ki, bu verginin 1 faizdən yuxarı olmasının heç bir iqtisadi mənası yoxdur. Verginin 20 faizə qaldırılmasının sizə və bütövlükdə iqtisadiyyata zərəri var. Bu vergini bu ilin aprelində ilk dəfə ödəyəndə parlament seçkisində REAL Partiyasına səs verəcəyinizi xatırlayın. Biz bu vergini 1 faizə endirəcəyik”, - İlqar Məmmədov qeyd edib.
Xatırladaq ki, çoxsaylı tənqidlərə və ekspertlərin verginin artırılmasının əleyhinə çıxışlarına baxmayaraq, ötən ilin dekabrında Milli Məclis mikrosahibkarların vergi yükünün 5 faizdən 20 faizə qaldırılması barədə qanuna dəyişiklikləri qəbul edib. Dövlət başçısı bu düzəlişləri təsdiq edib. Milli Məclisin bu qərarı sosial şəbəkələrdə narazılığa səbəb olub.