İqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq edilir ki, bu da daha səmərəli tənzimləmə alətlərinin tətbiqinə zərurət yaradır. Bundan irəli gələrək, dünyanın bir çox ölkələri öz rəqabət qanunvericiliklərini inkişaf etdirir, mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisrçı davranışlardan çəkindirən qanunvericilik normaları yaratmağa çalışırlar.
TEZADLAR.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev “vergiler.az”a bildirib.
O, diqqətə çatdırıb ki, iqtisadiyyatı inkişaf edən Azərbaycanda da rəqabət qanunvericiliyinin təsir dairəsinin genişləndirilməsi və effektivliyinin artırılması böyük əhəmiyyət daşıyır.
Cəfər Babayev effektiv rəqabət tənzimlənməsi aparmaq üçün vacib olan şərtləri açıqlayıb.
“İqtisadi tənzimləmələrin səmərəliliyini yüksəldən əsas amillərdən biri bazarın təbii ahəngini pozmayan, rəqabət mühitinə mənfi təsir göstərən müdaxilələrin qarşısını alan tənzimləyici alətlərdən istifadədir. Bu məqsədlə bir neçə istiqamət üzrə təkmilləşdirmələr və yeni konsepsiyalar müəyyən edilib.
Effektiv rəqabət tənzimləmələrinin aparılması üçün, ilk növbədə, bazar sərhədlərinin düzgün müəyyən edilməsi vacibdir. Digər istiqamət “hökmran mövqe” anlayışının təsbit edilməsində alətlərin genişləndirilməsidir. Rəqabət iqtisadiyyatında “hökmran mövqe” anlayışı bazara təsiretmə gücü yaradan təsərrüfat subyektlərinə şamil edilir. Səmərəli bazar tənzimləmələrinin aparılması məqsədilə bazar iştirakçılarının bazara təsir imkanları və onların düzgün müəyyən edilməsi vacibdir.
Digər əhəmiyyətli istiqamət olan iqtisadi təmərküzləşmələrə nəzarət tədbirləri bazarlarda rəqabətin qorunmasının ən vacib elementlərindən biri hesab olunur. Məcəllədə iqtisadi təmərküzləşmələrə nəzarət tədbirləri çərçivəsində hüquqi alətlər genişləndirilib. Təmərküzləşmənin qiymətləndirilməsində rəqabətlə yanaşı, digər bazar təsirləri də nəzərə alınmaqla, daha səmərəli tənzimləmə meyarları müəyyən edilib”, - deyə o, bildirib.
Cəfər Babayev, həmçinin vurğulayıb ki, Rəqabət Məcəlləsində rəqabət mühitinə təsir edən sazişlərin qiymətləndirilməsi və onlarla mübarizə, habelə təsərrüfat subyektlərini bu kimi sövdələşmələrdən (sazişlərdən) çəkindirən hüquqi alətlər təsbit edilib.
JASMIN