İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin may ayından zavodun tikinti işlərinə başlamağı planlaşdırır.
TEZADLAR.AZ xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyatı Teleqram kanalına “Ağdam süd” MMC-nin təsisçisi Hafiz Tapdıqov deyib.
Onun sözlərinə görə, tikinti işlərinin ən azı 60 faizinin bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Tikinti işlərinin aparılması üçün Ağdam Sənaye Parkında istehsal olunan inşaat materiallarından istifadə etmək nəzərdə tutulur. Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək. Müəssisədə minimum 40 daimi iş yeri yaradılacaq.
H.Tapdıqov qeyd edib ki, ilkin mərhələdə müəssisənin istehsal gücü 5-10 ton olacaq. Lakin hədəf müəssisənin istehsal gücünün 50 tona çatdırılmasıdır.