Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək. TEZADLAR.AZ xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın ekspert icması tərəfindən aparılan müzakirələrə çevik reaksiyası da təqdirəlayiqdir.
İqtisadçı yeni qaydaların əhəmiyyətindən də bəhs edib.
"Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditlərinin təqdimi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Nəzərə alsaq ki, sığorta müqaviləsinin olmaması səbəbindən borclanan dünyasını dəyişən zaman krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdılar. Bu isə əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükü formalaşdırırdı ki, bu da sosial baxımdan arzu olunan deyildi.
Yeni qaydalar, həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq. Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.
Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək.
Ən mühim məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür. Belə ki, risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər", - deyə Vüar Bayramov izah edib.
Y.Məmmədli