159,6 min ton həcmində yığılmış tərəvəz ehtiyatının 13,4 min tonu artıq satılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə kazpravda.kz QR Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Baş nazirin müavini Serik Jumanqarinin sədrliyi ilə keçirilən hökumətin iclasında 11 aylıq inflyasiya nəticələrinə və 2024-cü il üçün proqnozlara baxılıb. Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, noyabrda qeyri-ərzaq mallarının qiymət indeksi 0,7%, əhaliyə göstərilən pullu xidmətlər üzrə 0,8%, ərzaq məhsulları üzrə 1,1% təşkil edib. 2024-cü ildə “İnvestisiya müqabilində tarif” (illik ifadədə 13,3%) proqramının işə salınması sayəsində ən yüksək artımı göstərən pullu xidmətlərin artımında yavaşlama müşahidə olunur. Regionlarda ərzaq inflyasiyasını cilovlamaq üçün artıq tərəvəz ehtiyatlarının rezervasiyadan çıxarılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 159,6 min ton həcmində yığılmış tərəvəz ehtiyatının 13,4 min tonu artıq satılıb. Ən çox - kartof (7,2 min ton), yerkökü - 2,1 min ton, soğan - 2,2 min ton, kələm - 1,7 min tondur. Serik Jumanqarin Kənd Təsərrüfatı Nazirliyinə regionlarla birlikdə qiymət sabitliyini saxlamağı və xüsusilə bayram günlərində lazımi həcmdə əsas məhsulların, o cümlədən istixana məhsullarının piştaxtalarda olmasını təmin etməyi tapşırıb.
“Sabitləşdirmə fondlarında formalaşan ehtiyatlardan kənd təsərrüfatı yarmarkaları ilə birlikdə rayon bazarlarına tərəvəz tədarükü ölkə sakinlərini münasib qiymətə və kifayət qədər miqdarda tərəvəz və digər məhsullarla təmin etməyə imkan verəcək. Bütün bu tədbirlər yeni il ərəfəsində əsas ərzaq məhsullarının qiymətlərində baş verən ajiotajın qarşısını almaq üçün nəzərdə tutulub”, - deyə hesabatda qeyd olunur.
JASMİN