Əvvəllər Azərbaycana VC-nin inkişafı üçün ildə təxminən 100 milyon manat qrantlar ayrılırdısa, 2014-dən sonra Dövlət Dəstəyi Şurasının xətti ilə bu rəqəm 5-10 milyona endirilmişdi.
Bu fikirləri sosial şəbəkə hesabında  "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib.
Agentliyin dəstək verdiyi 415 kiçik layihə ilə vətəndaş cəmiyyəti güclənəcəkmi?
"Ötən gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Agentlikdən asılı olmayan uzun müddətli durğunluqdan sonra, Prezident fərmanı ilə qurumun müvafiq səlahiyyət əldə etməsi və operativ qərarların verilməsi təqdirəlayiqdir.
Düşünürəm ki, bununla VC sektorunda azacıq da olsa canlanma yaranacaq.
Amma son 7 ildir ki, ölkədə VC ciddi problemlər yaşayır. Prezidentin dəfələrlə təkrarladığı İctimai nəzarət funksiyasını, ictimai iştirakçılığı yetərincə gerçəkləşdirə bilmir".
Osman Gündüzün fikrincə, resurslar olmadığından, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının zəif fəaliyyəti nəticəsində biz son illər ərzində güclü hökumət və zəif vətəndaş cəmiyyəti qazanmışıq:
"Düşünürəm ki, yeni Agentlik daha ciddi işlərə baş vurmalıdır.
2013-cü ilin sonunda QHT sektoru ilə bağlı qanunvericilikdə aparılan anormal “islahatlar” iflasa uğramış oldu və bunun nə hökumət, nə də vətəndaş cəmiyyəti üçün heç bir müsbət nəticəsi olmayıb. Yenidən münbit şərait, status-kvo bərpa olunmalıdır. Azərbaycana ayrımalı olan beynəlxalq resursların Gürcüstan və Ermənistana yönləndirilməsinin qarşısı alınmalıdır.
Əvvəllər Azərbaycana VC-nin inkişafı üçün ildə təxminən 100 milyon manat qrantlar ayrılırdısa, 2014-dən sonra Dövlət Dəstəyi Şurasının xətti ilə bu rəqəm 5-10 milyona endirilmişdi.
İndi yeni Agentlik də əgər bu tip cüzi resurslarla, yalnız kiçik qrantlarla VC-ni inkişaf etdirməyi nəzərdə tutursa, düşünürəm ki, bu, yanlış yanaşma olardı.
"Quş qoymaq", tədbir xatirinə layihə dəstəkləməyin real nəticəsini biz son 7 ildə görmüşük. Zəif VC ilə, Prezidentin dediyi güclü ictimai nəzarəti gerçəkləşdirmək qeyri-mümkündür.
Yeni rəhbərlik, yeni Agentlik proqram xarakterli, uzunmüddətli layihələrin dəstəklənməsinə diqqət etməlidir. Peşəkar, ixtisaslaşmış QHT-lərin konkret bir sahə üzrə uzunmüddətli fəaliyyəti dəstəklənməlidir.
Dövlətdən əlavə böyük vəsaitlər istənilməlidir, beynəlxalq qurumlarla əməkdaşlıq güclənməlidir. 
Ötən rəhbərliyin ən böyük qüsuru, dəfələrlə qeyd etdiyimiz kimi, QHT təşəbbüslərinin dəstəklənməsinə proqram yanaşmasını tətbiq etməməsi və ya etmək istəməməsi olub.
Vətəndaş cəmiyyəti institutlarının əksəri son zamanlar öz VÖEN-lərini bağlamaq məcburiyyətində qalıblar, xeyli sayda ekspertlər, mütəxəssislər, icmalar zəifləmiş və öz potensialını reallaşdıra bilməyən vəziyyətdədirlər.
Yeni Agentlik güclü VC formalaşdırmaq üçün maraqlı tərəfləri cəlb etməklə, zəruri olan bir "Yol Xəritəsi" ortaya qoymalı və icrasına başlamalıdır.
Ümid edirəm QHT Agentliyi proqram xarakterli, sosial şifariş xarakterli uzunmüddətli layihələrin reallaşmasını, VC-nin potensialının üzə çıxarılmasını, güclü ictimai nəzarət mexanizmlərin formalaşmasını reallaşdıra biləcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN